×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunun gənc mütəxəssisi beynəlxalq konfransda sertifikata layiq görülüb

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun (AKİ) gənc mütəxəssisi beynəlxalq konfransda çıxış edib. Bu barədə AZƏRTAC-a AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev məlumat verib.
O bildirib ki, Aşqarlar Kimyası İnstitutunun Yağlayıcı-soyuducu mayelərə aşqarlar laboratoriyasının gənc mütəxəssisi Hüseyn Əlili Qətərdə İslam Əməkdaşlıq Gənclik Forumu (ICYF) və Qətərin Mədəniyyət və İdman Nazirliyi tərəfindən təşkil edilən gənc novator və tədqiqatçıların elmi işlərinin nümayişi üçün qlobal bir platforma olan "Doha innovasiya-2019" adlı beynəlxalq konfransda iştirak edib. Gənc mütəxəssis 32 ölkədən 42 iştirakçı arasında Azərbaycanı təmsil edib. Hüseyn Əlilinin "Prostat spesifik membran antigeninin inhibitoru əsasında diaqnostik agentlərin məqsədli çatdırılması üçün suyun artırılması ilə sintez" mövzusunda təqdimatı olub. Cenevrədən dəvət olunan münsiflər heyətinin rəyi əsasında o, bürünc medala və sertifikata layiq görülüb.

Elm və təhsil 2019-10-15 17:00:00