×
A
A
A
Sazlamalar

Avstraliya və Çin şirkətlərinin nümayəndələri ASCO-da olub

Bakı, 15 oktyabr, AZƏRTAC

Avstraliyanın “Incat Crowther” şirkətinin texniki direktoru Andre Tuite, Çinin “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.” şirkətinin nümayəndələri David Chen və Ye Qiang “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) olublar.
Gəmiçilikdən AZƏRTAC-a bildirilib ki, ASCO-nun sədri Rauf Vəliyev qonaqlara QSC-nin fəaliyyəti, iştirak etdiyi layihələr və gələcək planlar barədə məlumat verib. Bildirib ki, ASCO mütəmadi olaraq həm nəqliyyat, həm də neft donanmasını yeniləyir. Bu zaman yerli gəmiqayırma sənayesinin imkanlarından istifadə ilə yanaşı, digər ölkələrlə də əməkdaşlıq edilir.
Sədr qeyd edib ki, donanmaların yenilənməsi proqramı çərçivəsində növbəti illərdə alınması və istismara verilməsi planlaşdırılan gəmilərdə keyfiyyət standartlarının və müasir texnoloji nailiyyətlərin tətbiqinə xüsusi önəm verilir. Bu, rəqabətədavamlılıq baxımından olduqca vacibdir.
“Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.”nin baş meneceri D.Chen və “Incat Crowther”in texniki direktoru A.Tuite isə birgə təqdimatlarında əməkdaşlığın səmərəliliyinə toxunublar. Onlar gələcəkdə ASCO-nun tələbələrinə uyğun gəmilərin inşasının mümkün olduğunu bildiriblər.
Təqdimatda qeyd olunub ki, “Incat Crowther” dünyanın ən məşhur gəmi dizayn şirkətidir. Bu günədək 430-dən çox əsasən alüminium gövdəli müxtəlif tipli üzən vasitənin layihələndirilməsini həyata keçirib. “Incat Crowther”in dizayn etdiyi gəmilər etibarlılığı, uzunömürlülüyü və təhlükəsizliyi ilə seçilir.
1992-ci ildən fəaliyyət göstərən “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.” isə gəmilərin inşası və təmiri ilə məşğul olur. Çində alüminium gəmilərin ən böyük ixracatçısı sayılır. Bu iki şirkət arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. Birgə əməkdaşlıq nəticəsində indiyədək 6 layihə çərçivəsində 10 gəmi hazırlanıb.
R.Vəliyev ASCO-nun həm “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.”, həm də “Incat Crowther” ilə əməkdaşlığın faydalı olacağından əminliyini ifadə edib.
Görüşdə ASCO-nun alyans tərəfdaşı “Caspian Marine Servises”in (CMS) nümayəndələri də iştirak edib. Görüş zamanı CMS-nin öz donanmasını zənginləşdirmək məqsədilə sözügedən şirkətlərlə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Nəqliyyat 2019-10-15 16:56:00