×
A
A
A
Sazlamalar

Seçkilərin şəffaf keçirilməsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür

Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar başlayıb.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bu kursların Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin bələdiyyə seçkiləri ilə müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədilə keçirildiyini bildirib.
Qeyd edib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən kurslarda iştirakçılara qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə bağlı ətraflı məlumat verilir.
C.Məmmədov 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında bu ilin dekabrında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində həyata keçirilən maarifləndirmə proqramından danışıb. Diqqətə çatdırıb ki, bələdiyyə seçkiləri ərəfəsində maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. İndi isə bu seminarlar və kurslar məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyasının üzvləri üçün təşkil edilir. Bu maarifləndirici seminarların və kursların bələdiyyə seçkilərinin şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür. Kurslarda bələdiyyə seçkilərinə hazırlığın gedişi haqqında məlumat verilir, Seçki Məcəlləsinin bəzi müddəaları şərh olunur.
Səbail Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Qabil Vahidov kurslarda seçici siyahıları ilə iş qaydası və onun aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu mövzusunda çıxış edib. O, yerli icra və bələdiyyə qurumlarının və digər təşkilatların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə, eləcə də texniki məsələlərə toxunub.
Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzusunda məruzə ilə çıxış edib. O, iştirakçılara seçkilərin şəffaf, azad, ədalətli və qanun çərçivəsində keçirilməsi üçün seçki qanunvericiliyi ilə bağlı normalar, seçki hüquqlarının müdafiəsi və bu hüquqların pozulması ilə bağlı işlərə məhkəmələrdə baxılması qaydaları, aşağı seçki komissiyalarının təşkili, seçki məntəqələrinin yaradılması və fəaliyyəti, məntəqə seçki komissiyalarının vəzifələri, vahid seçicilər siyahısı, vətəndaşların məntəqələr üzrə seçici siyahılarına daxil edilməsi və digər məsələlər barədə ətraflı məlumat verib.
Dairə seçki komissiyasının sədri Cahangir Məmmədov seçici siyahıları ilə iş qaydasına dair seminar keçirib və seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı məlumat verib.
Oktyabrın 17-də başa çatacaq kurslarda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının vəzifələri, səsvermə günü görüləcək işlər, səsvermə prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquqları və fəaliyyəti məsələlərinə toxunulub, məntəqə seçki komissiyalarının sədrləri ilə söhbətlər olub, onların sualları cavablandırılıb.
Dairə seçki komissiyasının sədri Cahangir Məmmədov AZƏRTAC-a müsahibəsində deyib ki, tədris proqramına uyğun olaraq kurslarda MSK təmsilçiləri, habelə prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən təqdimatlar keçiriləcək, onlar məntəqə seçki komissiyalarının sədrləri qarşısında çıxış edəcəklər və müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq.
Diqqətə çatdırıb ki, 38 min 847 seçicisi olan dairə seçki komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Bələdiyyə seçkilərinə bir neçə gün qalmış əlavə bir və ya iki müvəqqəti məntəqənin yaradılması nəzərdə tutulur. Komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün məntəqələrdə hər cür şərait yaradılıb, qarşıya çıxan problemlər vaxtında aradan qaldırılacaq. Məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə məntəqələrin 12-də veb-kameralar quraşdırılıb.
Qeyd olunub ki, kurslara seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar.

Cəmiyyət 2019-10-15 16:09:00