×
A
A
A
Sazlamalar

“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2019” respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. “Nəsimi ili” çərçivəsində keçirilən müsabiqə məktəblilərin yay istirahətinin zövqlü keçməsi və tətil ərzində diqqət çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub.
Müsabiqəyə seçim iki yaş kateqoriyası - 12 yaşa qədər və 12-17 yaş üzrə aparılıb. Mövzu və düzgün kompozisiyaların üstünlük verildiyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlər seçiləcək. Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində açılacaq.
Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

İncəsənət 2019-10-15 15:48:00