×
A
A
A
Sazlamalar

“Hunter” layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar təşkil edilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Dövlət Gömrük Komitəsi (DGK) və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən “Hunter” layihəsi çərçivəsində gömrük əməkdaşları üçün “Sərnişinlərə dair ilkin məlumat (API) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi” mövzusunda dördgünlük seminar başlayıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, seminarın açılışında komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp iştirak ediblər.
Səfir iki ölkə arasındakı əlaqələrdən bəhs edib, son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlığa əlavə imkanlar yaratdığını diqqətə çatdırıb. İki ölkə arasında gömrük sahəsindəki əməkdaşlıqdan məmnunluğunu bildirən diplomat Azərbaycanın “Şimal-Cənub”, “Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə mühüm addımlar atdığını, effektiv sərhəd nəzarətinin bu istiqamətdə mühüm rol oynayacağını vurğulayıb və bu sahədə təcrübə mübadiləsinin önəmindən bəhs edib.
C.Qasımov isə bildirib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən siyasət və prioritet hədəflər çərçivəsində gömrük orqanları iqtisadi təhlükəsizliyin təmin edilməsi, gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühitinin formalaşdırılması və tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Komitə sədrinin müavini gömrük sisteminin beynəlxalq təcrübə nəzərə alınmaqla, müasir və yeni çağırışlara cavab verən model əsasında formalaşdırıldığını, yeni idarəçilik mexanizmlərinin tətbiqinə başlanıldığını qonaqların diqqətinə çatdırıb.
O, iki ölkə arasında gömrük sahəsindəki əməkdaşlıqdan söhbət açaraq 2018-ci ildən etibarən həyata keçirilən “Hunter” layihəsindən bəhs edib. Bildirib ki, layihə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsinin aparılması və yeni müasir texnologiyaların tətbiqi sahələri üzrə əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətə malikdir.
Vurğulanıb ki, “Hunter” layihəsi üzrə gömrük prosedurlarının sadələşdirilməsi, yeni müasir texnologiyaların tətbiqi ilə hədəfləmə sistemlərinin inkişaf etdirilməsi, o cümlədən “Sərnişinlərə dair ilkin məlumat və Sərnişin adlarının qeydiyyatı” sistemlərinin Dövlət Gömrük Komitəsi tərəfindən tətbiqi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi prioritet hədəflərdir.
Qeyd edək ki, seminar çərçivəsində Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Bob Hilton və Debbie Tether tərəfindən iştirakçılara “Aviasərnişinlər üçün riskin idarə olunmasına giriş”, “Qərarlara əsaslanan riskin idarə olunması və digər texnikalar”, “Profilləşdirmə və risk göstəriciləri” və digər mövzularda məlumatlar veriləcək, praktiki məşğələlər keçiriləcək.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

İqtisadiyyat 2019-10-15 15:42:00