×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutu Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolu imzalanıb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Ceyhun Məmmədov ali təhsil müəssisəsinin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri barədə məlumat verib.
Rektor ali təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində qurulması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Özbəkistanın ali məktəblərinin təcrübəsindən yararlanmağın əhəmiyyətinə diqqət çəkib. Həmçinin ölkələr arasındakı münasibətlərin təhsil sahəsindəki əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Ceyhun Məmmədov hazırda ölkəmizdə keçirilən Türk Şurasının VII Zirvə Görüşünə diqqət çakib. Təşkilatın fəaliyyətinin əsas məqsədinin türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olduğunu qeyd edən rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsəlman ölkələri ilə münasibətlərə böyük önəm verir.
Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Komitə sədrinin birinci müavini Müzəffər Kamilov təmsil etdiyi qurum və Özbəkistan Beynəlxalq İslam Akademiyası haqqında məlumat verib. O, ali təhsil müəssisələri arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolunun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib, sənədin hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb. İnstitutun tədris və təhsil istiqamətində apardığı işləri yüksək qiymətləndirən Müzəffər Kamilov gələcəkdə təhsil sahəsində Aİİ ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib.
Daha sonra ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokol imzalanıb.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Sonda qonaq ali təhsil müəssisəsinin auditoriyaları və kitabxanası ilə tanış olub.
Qeyd edək ki, Özbəkistan Beynəlxalq İslam Akademiyası Prezident Şavkat Mirziyoyevin 2018-ci il 16 aprel Fərmanı ilə Daşkənd İslam İnstitutunun bazasında yaradılıb. Akademiya dünyanın müxtəlif ölkələrindən tələbələr qəbul edir. Burada bakalavr, magistratura və doktorantura səviyyələri üzrə təhsil həyata keçirilir. Ali təhsil müəssisəsində bakalavr səviyyəsində islamşünaslıq, filologiya və dil tədrisi (klassik şərq ədəbiyyatı), dinşünaslıq, beynəlxalq əlaqələr, iqtisadiyyat (İslam iqtisadiyyatı və maliyyəsi), filologiya və dil tədrisi (ərəb dili), turizm və psixologiya (dinin sosio-psixologiyası) üzrə ixtisaslar mövcuddur.

Elm və təhsil 2019-10-15 15:27:00