×
A
A
A
Sazlamalar

İxtisaslaşdırılmış kursların birinci günü maraqlı müzakirələrlə yadda qalıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də 8 saylı Binəqədi birinci seçki dairəsində seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslara start verilib.
AZƏRTAC xəbər verir ki, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev dairə üzrə 39 seçki məntəqəsinin olduğunu deyib. Bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 47 min 802 nəfərdir. Seçicilərin 46 faizini kişilər, 54 faizini isə qadınlar təşkil edirlər. Onların 25 faizi gəncdir və 620-si ilk dəfə səs verəcək. Seçki dairəsi üzrə bütün seçki məntəqələri tam təmirlidir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbirdə çıxış edərək seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması mövzusunda məruzə edib. Mövcud problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışan İ.Süleymanov deyib: “Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, əhalinin növbəti dəfə siyahıya alınması seçici siyahılarının dəqiq hazırlanmasında mühüm rol oynayacaq”.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.
Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

Daxili siyasət 2019-10-15 15:01:00