×
A
A
A
Sazlamalar

Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır

Bakı, 15 oktyabr, AZƏRTAC 

Vergiödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə İnternet Vergi İdarəsində yaradılmış fərdi elektron kabinetdən istifadə olunur.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, elektron kabinetdən istifadə üçün vergiödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən İnternet Vergi İdarəsində elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi yalnız vergiödəyicisi tərəfindən kod-parol vergi orqanından götürüldükdən sonra həyata keçirilir.
Vergiödəyicisi elektron kabinetə daxil olaraq digər vergiödəyiciləri ilə də qarşılıqlı sənəd mübadiləsini təmin edərək elektron xidmətlərdən istifadə edə, istifadə edilmiş elektron xidmətin icra müddəti, elektron xidmətin göstərilməsinin gedişatı, elektron xidmətin nəticəsi barədə məlumat ala bilər.
Vergi orqanı tərəfindən elektron kabineti olan ödəyicilərə vergi orqanının təşəbbüsü ilə məlumatların göndərilməsi birmənalı olaraq elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar vergi orqanı tərəfindən elektron üsulla vergiödəyicisinin elektron kabinetinə göndərildikdə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, vergiödəyicisi tərəfindən elektron üsulla vergi orqanına göndərildikdə isə göndərildiyi gün çatdırılmış sayılır. Vergiödəyicisinin elektron kabinetinə daxil olan məlumatlarla müəyyən dövr ərzində vergiödəyicisi tanış olmadıqda, vergi administrasiyası tərəfindən həmin şəxsin mobil nömrəsinə xatırladıcı xarakterli xəbərdarlıq SMS-ləri göndərilir.
Elektron kabinetdən istifadə nəticəsində vergiödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyinin artırılması və ənənəvi üsulla kağız daşıyıcılarında sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısı alınmış olur.

Maliyyə 2019-10-15 14:44:00