×
A
A
A
Sazlamalar

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında strateji əməkdaşlığa dair saziş imzalanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığa dair saziş imzalanıb.
AZƏRTAC SPA rəsmi agentliyinə istinadla xəbər verir ki, sənədlərin imzalanması mərasimindən əvvəl Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və Rusiya Prezidenti arasında görüş keçirilib. Tərəflər enerji sahəsində tərəfdaşlıq, terrorizmlə mübarizə üzrə birgə fəaliyyət, Yaxın Şərq regionundakı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa, Rusiya və Səudiyyə Ərəbistanı hərbi texnikanın tədarükü və müdafiə sənayesi sahələrində də perspektivləri müzakirə ediblər.
Səfər çərçivəsində Yüksək Səviyyəli Birgə Komissiyanın iclası keçirilib. İclasda çıxış edən Səudiyyə Ərəbistanının Enerji naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz son illər enerji bazarlarının sabitləşməsində Moskva və Ər-Riyad arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, iki ölkənin xam neftin qiymətlərinin sabitləşməsi üzrə birgə səylərinin davam edəcəyini qeyd edib.
Tərəflər elm, kosmos, səhiyyə, vergi, mineral ehtiyatlar, turizm, aviasiya sənayesi və mədəni əməkdaşlıq üzrə sənədlər imzalayıblar.

Dünya 2019-10-15 14:30:00