×
A
A
A
Sazlamalar

Cənubi Koreya avtomobil sənayesinə 1,8 milyard dollar sərmayə yatıracaq

Bakı, 15 oktyabr, AZƏRTAC

Koreya Respublikası Prezidenti Mun Ce-in hökumətin hidrogen yanacaq elementləri ilə çalışan ekoloji təmiz nəqliyyatın və pilotsuz avtomobillərin inkişafına 1,8 milyard dollar vəsait yatıracağını deyib.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu sərmayə dövlət başçısının Cənubi Koreyanın maşınqayırma sahəsində dünya liderliyinə yüksəlməsi planlarının bir hissəsidir. “Biz gələcəkdə başqalarının ideyalarını götürmək məcburiyyətində qalmayacağıq. Nəhayət ki, bütün dünyada maşınqayırma sahəsinin lideri olmaq şansı qazanmışıq və bu imkandan istifadə etməliyik”, - deyə Mun Ce-in “Hyundai Motor” korporasiyasının tədqiqat mərkəzində çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, Cənubi Koreyanın pilotsuz və ekoloji təmiz avtomobillər sahəsində fəaliyyəti artıq rəqabət qabiliyyətini sübut edib. Mun Ce-in buna misal olaraq hidrogen yanacağı elementləri ilə işləyən 1600 yük maşınının çatdırılması üzrə İsveçrə ilə bağlanan müqaviləni göstərib.
Hidrogen yanacaq elementi ekoloji təmiz və praktiki olaraq tükənməyən enerji mənbədir. Yeganə yan məhsulu su buxarı və istilik olan kimyəvi reaksiya prosesi nəticəsində elektrik enerjisi istehsal edən hidrogen yanacaq elementlərində mövcud daxiliyanma mühərriklərindən fərqli olaraq hərəkətli hissələr yoxdur. Onların fəaliyyəti zamanı faydalı iş əmsalının itkiləri də minimum səviyyədədir.

Dünya 2019-10-15 14:40:00