×
A
A
A
Sazlamalar

Saxta spirtli içkilər hazırlayan mütəşəkkil dəstə ifşa edilib VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir nəticəsində müəyyən olunub ki, “Beluqa Tahir” ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir Bakıda müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan “Beluqa”, “Stoliçnaya”, “Nemiroff”, “Russkiy Standard” araqlarının, “Jack Daniels”, “Chivas” viskilərinin, “Omega”, “Patron” tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.
Abşeron rayonunun Novxanı qəsəbəsində Tahir Həziyevə məxsus gizli sexə, dəstə üzvləri Elşən Səfərovun Sabunçu rayonunun Buzovna qəsəbəsində və qardaşı Elnur Səfərovun Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən anbarlarına, Əliağa Əhmədovun Nərimanov rayonunda yerləşən gizli saxlanc yerinə, eləcə də Afəddin Yunisovun spirtli içkilərin topdansatış mərkəzinə baxış keçirilən zaman satış üçün hazırlanmış ümumilikdə 6114 ədəd saxta spirtli içki, mənşəyi məlum olmayan bir tona yaxın spirt, 100 mindən çox saxta aksiz markası, saxta spirtli içkilər üçün nəzərdə tutulan 31 min 200 ədəd müxtəlif əmtəə nişanlı etiket və saxta spirtli içkilərin hazırlanması üçün kustar üsulla düzəldilən xüsusi elektron avadanlıq aşkarlanaraq götürülüb.
Dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar.
Araşdırma zamanı mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyənləşib. Həmin şadlıq evlərinin sahiblərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Aşkarlanan saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib. Əldə olunan rəyə əsasən, həmin məhsulların toksikoloji normalara cavab vermədiyi və bu içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu müəyyən edilib.
Saxta və insan sağlamlığı üçün təhlükəli olan spirtli içkiləri hazırlayan dəstənin üzvləri barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Bu cinayətkar şəbəkə ilə əlbir olan və şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2019-10-15 14:29:00

Video