×
A
A
A
Sazlamalar

İsveçrədəki parlament seçkilərində ekoloji mövzular ön planda dayanır

Bern, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də İsveçrədə növbəti parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca partiyaların seçki kampaniyası da qızışır.
AZƏRTAC xəbər verir ki, sentyabr ayında dünyanın əksər ölkələrinin qlobal iqlim dəyişikliklərinə qarşı keçirilən etiraz aksiyaları İsveçrə cəmiyyətindən də yan keçməyib. Digər Avropa ölkələrində olduğu kimi, ekologiya mövzuları aktuallığını artırıb və cəmiyyətdəki bu həssaslığın bəhrəsini, ilk növbədə, “Yaşıllar“ partiyası görür. Parlamentdə adətən təkrəqəmli faizlə təmsil olunan bu partiya ən son sorğularda +3,6 faiz irəliləyərək respondentlərin 10,7 faizinin rəğbətini qazanıb.
2015-ci ildə keçirilən parlament seçkilərində qaçqınlar və miqrasiya əsas mövzu olduğuna görə mühafizəkarlar və sağçı-radikal siyasi qüvvələr uğur qazana bildilər. Hazırda isə iqlim siyasəti diqqət mərkəzində dayanır və gənc seçicilər bu məsələdə xüsusi həssaslıq göstərirlər. Bu səbəbdən də parlament seçkilərində iştirak edən yeddi partiya arasında sorğularda öndə olan digər partiya da ekologiya tərəfdarlarıdır. Yaşıl Liberallar Partiyası ötən seçki ilə müqayisədə 2,7 faiz irəliləyərək, hazırda sorğularda 7,3 faiz səsə malikdir. Ekspertlərin rəyincə, “yaşıl dalğa“ seçki gününü daha yüksək nəticələrlə başa vura bilər.
Ətraf mühiti sevənlərin reytinqi yüksəldikcə, İsveçrənin ənənəvi partiyaları (İsveçrə Xalq Partiyası, İsveçrə Sosial-Demokratlar Partiyası, Azad Demokratlar Partiyası) seçicilərin marağını cəlb edəcək yeni mövzular tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən də ənənəvi mühafizəkar mövqeyi ilə tanınan Xalq Partiyası 2,1 faiz geriləyərək, hazırda 27,3 faizlə kifayətlənməyə məcburdur. Sosial-demokratlar isə 0,6 faiz itirərək, 18,2 faizdə qərarlaşıblar.
Sotomo tədqiqat mərkəzi tərəfindən 12 min seçici arasında aparılan sorğu seçkilərlə bağlı ən tutarlı rəy sorğusu hesab olunur. Bazar günü İsveçrə əhalisi seçki barometrinin nə dərəcədə haqlı olduğunu öz səsləri ilə müəyyən edəcək.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern 

Dünya 2019-10-15 10:55:00