×
A
A
A
Sazlamalar

Bakı Caz Festivalında 25 konsert təqdim ediləcək

Bakı, 15 oktyabr, AZƏRTAC

Artıq 14-cü dəfədir ki, paytaxtımızda Bakı Caz Festivalı keçiriləcək. On gün davam edəcək festivalda 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı filmlər təqdim ediləcək. Bütün bunlar “More jazz, more intellect!” devizi altında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu məlumatı “Bakı Caz Festivalı 2019”a həsr olunmuş mətbuat konfransında festivalın həmsədri Leyla Əfəndiyeva açıqlayıb. O deyib: “Festivalın başlanma tarixi Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf edir. Bu, bizim üçün ikiqat bayramdır. Caz Azərbaycanda çox sevilən musiqi janrıdır. Caz azadlıq, demokratiya və əlbəttə ki, improvizasiya deməkdir.
Amerikalı məşhur caz ifaçısı, UNESKO-nun xoşməramlı səfiri Herbi Hənkokdan məktub aldığını söyləyən L.Əfəndiyeva qeyd edib ki, cazmen Bakı Caz Festivalının dünya caz musiqisinə verdiyi töhfəyə görə çox məmnundur. “Bu, bizim üçün ən yüksək qiymətdir”, - deyə festivalın həmsədri vurğulayıb. O, festivalın uğurlarından da danışıb: “All about jazz” kimi musiqi jurnalları bizim haqqımızda yazır. Bizim musiqiçilər ən yaxşılarıdır. Onlar hər yerdə qastrol səfərlərindədirlər”.
L.Əfəndiyeva qeyd edib ki, tədbir çərçivəsində gənc ifaçılar üçün təşkil olunacaq müsabiqə onların öz yolunu tapmasına kömək edəcək. Onlar, eyni zamanda, ölkəmizi xaricdə təmsil edə biləcəklər.
Caz vokalçısı Elnarə Həsənli kuratoru olacağı müsabiqə haqqında məlumat verib. Bildirib ki, ifaçılar həyəcan keçirsələr də yaxşı hazırlaşıblar və qalib olmaqda iddialıdırlar. Qaliblər diplom və pul mükafatları ilə təltif olunacaq.
Festivalın iştirakçısı, pianoçu Elbəy Məmmədzadə təqdim edəcəyi konsert barədə media nümayəndələrini məlumatlandırıb. O deyib ki, Rusiyanın virtuoz saksofonçusu Andrey Konstantinovla eyni səhnəni bölüşəcək. İfa edəcəkləri mahnılar hər iki sənətçinin bəstələrinin sintezindən ibarət olacaq.
Kamran Quliyev bildirib ki, təmsil etdiyi “A+A events” şirkəti festivalı bütün texniki avadanlıqlarla təchiz edəcək və iştirakçıların rahat ifası üçün hər cür şərait yaradacaq.
Qeyd edək ki, Bakı Caz Festivalı oktyabrın 18-dən 27-dək keçiriləcək. Oktyabrın 18-də saat 16:00-da İçərişəhərdə festivalın açılışı olacaq. Konsertdə yerli və əcnəbi ifaçılar çıxış edəcəklər. Festival Beynəlxalq Muğam Mərkəzində, Ləndmarkda, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, “Kirxa” kamera və orqan musiqisi zalında davam edəcək.

Musiqi 2019-10-15 06:17:00