×
A
A
A
Sazlamalar

Stokholmda “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi nümayiş olunub

Stokholm, 15 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanın Xalq artisti, kinorejissor, ssenari müəllifi, prodüser və yazıçı Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Stokholmda nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə hökumət rəsmiləri, Stokholmda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, İsveçin mədəniyyət xadimləri, Azərbaycan icmasının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə tədbirin Stokholmda keçirilməsinin əhəmiyyətini qeyd edərək, “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi haqqında məlumat verib. Filmin ideyasından söz açan Günəş Rüstəmzadə Fyodor Dostoyevskinin “Gözəllik dünyanı xilas edəcək” fikrini xatırladaraq deyib: “Dünyanın çox dəyişməsinə baxmayaraq, bu məsələyə Mirqasımovun prizmasından baxsanız, qarşılıqlı hörmətə əsaslanan bəşəri dəyərlərin, o cümlədən insanlar arasında səmimi və mehriban münasibətlərin dünyanı xilas edəcəyi məlum olur”.
Sonra çıxış edən kinorejissor Oqtay Mirqasımov tədbirin Stokholmda keçirilməsinə dəstək göstərmiş Azərbaycan Xarici İşlər Nazirliyinə və ölkəmizin İsveçdəki səfirliyinə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, ekran əsərində XIX əsrin əvvəllərində Qafqazda məskunlaşmış və Böyük Vətən müharibəsi zamanı Stalinin əmri ilə Azərbaycandan deportasiya edilmiş alman icması üzvlərinin acı taleyi fonunda baş verən hadisələr haqqında danışılır.
“Azərbaycanlılar və almanlar arasında münasibətlər qədimdən mənim ailəmdə maraq doğuran mövzu olub. Ona görə də bu film mənim üçün çox əzizdir. Qəribə olsa da, film mənim şəxsi etiraflarım üzərində qurulub, etiraf demək olmasa da, etirafımın əks-sədasıdır”, deyə rejissor bildirib.
Daha sonra “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi nümayiş olunub. Tamaşaçılar tərəfindən böyük izdihamla qarşılanan ekran əsərinə baxmaq istəyənlərin sayı həddindən çox olduğu üçün oturacaqların sayının artırılması qərara alınıb. Film böyük maraqla izlənilib.
Tədbirin sonunda Azərbaycanın İsveç Krallığındakı səfirliyi adından rəsmi ziyafət verilib.

 

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Teatr və kino 2019-10-15 02:45:00