×
A
A
A
Sazlamalar

MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar

Bakı, 14 oktyabr, AZƏRTAC

MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Şura üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Agentliyin 1 saylı DOST mərkəzi ilə tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qonaqların nəzərinə çatdırıb ki, Prezident İlham Əliyevin fərmanları ilə yaradılan DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. Agentlik dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına xidmət edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin mayında açılışı olan, əmək, məşğulluq, əlillik, sosial təminat və s. sahələrdə 132 növ xidmət göstərən ilk “DOST” mərkəzinə fəaliyyət göstərdiyi 5 ayda 40 mindən çox vətəndaş müraciət edib. Aparılan sorğular nəticəsində DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93 faizi keçdiyi müəyyən olunub. Bu ilin axırına qədər daha iki “DOST” mərkəzinin açılması nəzərdə tutulur. 2025-ci ildə isə ölkədə onların sayı 31-ə çatdırılacaq.
Qonaqlar mərkəzin iş prinsipləri, burada əhaliyə göstərilən xidmətlər, eləcə də mərkəzin elektron xidmətlər sistemi, əlillik, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər və s. sahələr üzrə xidmət bölmələri və s. ilə əyani tanış olublar. Onlar mərkəzlə bağlı xoş təəssüratlarını bölüşüb, DOST layihəsinin dövlət sosial xidmətlərinin əhaliyə çatdırılmasında uğurlu bir yenilik olduğunu vurğulayıblar.
Şura üzvləri üçün DOST Agentliyinin fəaliyyətinə dair təqdimat da edilib.

 

Sosial 2019-10-14 19:42:00