×
A
A
A
Sazlamalar

“Racing Point” “Renault” komandasının hər iki bolidinin leqallığına görə etirazını bildirib

Bakı, 14 oktyabr, AZƏRTAC 

Formula 1 çempionatının “Racing Point” komandası Daniel Rikkardo və Niko Hülkenberqin bolidlərinin leqallığından şübhələnib.
AZƏRTAC xəbər verir ki, britaniyalı kollektiv Yaponiya Qran-Prisində “Renault” komandasının hər iki bolidinin leqallığının dəyərləndirilməsi üçün stüardlara müraciət edib.
Beynəlxalq Avtomobil Federasiyasının rəsmi sənədində bildirilir ki, “Racing Point”də “Renault” bolidlərinin üzərində sistem qurulmasından şübhələnirlər. Bu sistem trasdakı şəraitdən asılı olmayaraq, əyləclərin balansını tənzimləyir. Buna bənzər sistemlər texniki reqlamentə görə qadağan edilib.
Əgər bu pozulma faktı müəyyən edilərsə, o zaman “Renault” yürüşçülərini oyundan kənarlaşdırılma gözləyir. Xatırladaq ki, Daniel Rikkardo Yaponiya Qran-Prisində yeddinci, Niko Hülkenberq isə onuncu yeri tutublar. Onlar diskvalifikasiya olunarsa, o halda xallar Lens Stroll və Daniil Kvyatın hesabına yazılacaq.

İdman 2019-10-14 18:45:00