×
A
A
A
Sazlamalar

Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də “Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, sazişin imzalanması Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqumbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
DMX-də keçirilən görüşdə Xidmət rəisi ölkələrimiz arasında siyasi, mədəni münasibətlərin, eyni zamanda, iqtisadi və ticarət əlaqələrinin uğurla inkişaf etməsini məmnunluqla bildirib. Sazişin əhəmiyyətini xüsusi vurğulayan Vüsal Hüseynov bu sənədin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcəyini əminliklə ifadə edib. Xidmət rəisi deyib ki, saziş miqrasiya sahəsində təcrübə, o cümlədən statistik, hüquqi və elmi-metodiki məlumatların mübadiləsinin aparılmasını, hər iki ölkənin vətəndaşlarının hüquqlarının müdafiəsini və digər məsələləri özündə ehtiva edir.
Sazişin imzalanmasından məmnunluğunu ifadə edən Erlan Turqumbayev miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə əminliyini bildirib.
Qonaqlar DMX-də fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Qazaxıstanın Daxili İşlər naziri xatirə kitabına ürək sözlərini yazıb.
Səfər çərçivəsində qonaqlar Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Sosial 2019-10-14 17:56:00