×
A
A
A
Sazlamalar

Macarıstanın iqtidar partiyası ölkənin 5 iri şəhərində seçkilərdə uduzur

Budapeşt, 14 oktyabr, AZƏRTAC

Macarıstanın FİDES iqtidar partiyası dünən keçirilən bələdiyyə seçkilərində ölkə paytaxtı və dörd iri şəhər üzərində nəzarəti itirib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq yeganə namizədlə çıxış edən müxalifətin gözlənilməz qələbəsi bu gün bütün Avropa İttifaqı məkanında bir nömrəli xəbərə çevrilib.
İqtidar partiyasından olan əsas namizədin iştirakı ilə ədəbsiz məzmunlu videoqeydlərin internetdə yayılmasından sonra elektoratın əhvalı son günlər ciddi dəyişib. Bu, müxalifət üçün sözün əsl mənasında “hədiyyə” olub.
“Bu seçkilər göstərdi ki, xalq hakimiyyəti hakimiyyət başında duranlardan hər zaman güclüdür”, - deyə seçkilərin qalibi Gergey Karaçon onun rəqibi İştvan Tarloşun Budapeştdə keçirilən seçkilərdə öz məğlubiyyətini etirafından sonra bildirib.
Dyor şəhərinin meri Jolt Borkay da dövlət vəsaitindən sui-istifadədə, vergiödəyicilərinin hesabına xaricə səfərlərdə və narkotik vasitələrdən istifadədə ittihamların mərkəzində olub. O, öz davranışına görə üzr istəyib, lakin narkotik asılılığı ittihamını rədd edib. Bununla belə, bu, ona kömək olmayıb. Borkay da seçki yürüşündə məğlub olub.
Baş Nazir Viktor Orban artıq bəyan edib ki, hakimiyyətə müxalifətin gəldiyi şəhərlərlə əməkdaşlıq etmək niyyətindədir.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-10-14 17:56:00