×
A
A
A
Sazlamalar

Gürcü dilində “Vikipediya”da Azərbaycanla bağlı məlumatlar zənginləşdirilir


Bakı, 14 oktyabr, AZƏRTAC
Gürcü dilində “Vikipediya”da Azərbaycanla bağlı məlumatların daha da zənginləşdiriməsi ilə bağlı sistemli fəaliyyətə başlanılıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü, “İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneuli rayonunda gənclər üçün “Vikipediya” təlimləri keçirilir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, gürcü dilində “Vikipediya”da Azərbaycan tarixi, mədəniyyəti, şəxsiyyətləri haqqında fəaliyyətin gücləndirilməsi və sistemli olması üçün “İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Təşkilatlar bu istiqamətdə effektiv fəaliyyəti gücləndirməyi nəzərdə tuturlar. Həmçinin əməkdaşlıq çərçivəsində Marneulidə “Vikipediya” Klubunun yaradılması qərara alınıb. Bu sahədə artıq ciddi iş aparılır.
Qeyd edək ki, “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyi 2015-ci ilin fevral ayından fəaliyyətdədir. Təşkilatın əsas məqsədi “Vikipediya”nın gürcücə bölməsindəki məlumatları daha da zənginləşdirmək və gənclərin bu sahəyə marağını artırmaqdır.
“Vikimedia”nın Gürcüstan bölməsinin rəhbəri Mehman İbrahimovun sözlərinə görə, təşkilatlar Marneulidə birgə ofis yaratmaq fikirindədirlər. Onların nümayəndələrindən biri mütəmadi olaraq gənclərə “Vikipediya” üzrə təlimlər keçəcək.

Elm və təhsil 2019-10-14 17:21:00