×
A
A
A
Sazlamalar

II Elizabet: Brexit prosesinin oktyabrın 31-dək həyata keçirilməsi hökumətin prioritetidir

Bakı, 14 oktyabr, AZƏRTAC

Brexit prosesinin cari il oktyabrın 31-nə qədər həyata keçirilməsi Britaniya hökumətinin prioritetidir.
AZƏRTAC İngiltərə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya kraliçası II Elizabet parlamentin yeni sessiyasını açarkən bildirib.
“Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması prosesinin oktyabrın 31-dək həyata keçirilməsi hər zaman hökumətimin prioriteti olub. London Brüssellə azad ticarət və mehriban qonşuluq prinsiplərinə əsaslanan yeni tərəfdaş əlaqələri qurmaq istəyir”, - deyə kraliça özünün taxt çıxışında bildirib.
II Elizabet mühafizəkar hökumət tərəfindən hazırlanan miqrasiya barədə qanunun “hərəkət azadlığına son qoyacağını” (Avropa İttifaqı vətəndaşlarının Britaniya ərazisində hərəkəti), həmçinin müasir və qlobal miqrasiya sisteminin qurulması üçün əsas olacağını qeyd edib.
Bu arada Böyük Britaniya Baş Nazirinin dəftərxanasının rəsmi nümayəndəsinin sözlərinə görə, hökumət Brexit prosesinin hətta texniki uzadılmasını belə istisna edir və danışıq iştirakçıları hələlik kompromisdən uzaqdır.
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi.
Birləşmiş Krallıq Avropa İttifaqını Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.

 

Dünya 2019-10-14 16:49:00