×
A
A
A
Sazlamalar

Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 50-yə çatıb

Tokio, 14 oktyabr, AZƏRTAC

Yaponiyanın mərkəzi hissəsindən keçən “Hagibis” tufanı nəticəsində baş vermiş daşqınlar və torpaq sürüşmələri səbəbindən həlak olanların sayı 50-yə çatıb.
AZƏRTAC rəsmi mənbələrə əsasən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 17 nəfər itkin düşüb, 200 nəfər isə xəsarət alıb.
Təbii fəlakət üzrə yaradılmış xüsusi qrupun iclasında iştirak edən Baş Nazir Şinzo Abe bildirib ki, hökumət tufan nəticəsində zərərçəkənlərə kömək etmək üçün lazım olan bütün tədbirləri görəcək. Bununla əlaqədar yaradılan idarələrarası qrup ehtiyacı olanların yaşayış yerləri ilə təminatını xüsusi diqqətdə saxlayacaq.
Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına əsasən, oktyabrın 14-də günorta saatlarınadək 17 prefektura üzrə 38 min nəfər öz evlərini tərk edib.
Baş Nazir müvafiq nazirliklərə elektrik enerjisi və su təchizatının bərpa edilməsi ilə bağlı tədbirlərin təcili icrası barədə də göstəriş verib. Vurğulayıb ki, yerli hakimiyyət orqanlarının müraciətinə əsasən gözlənilmədən fəlakət zonasına ərzaq məhsulları, su və digər ilkin tələbat malları göndərilməlidir.
Müdafiə naziri Taro Kono da müdafiə qüvvələrinin rəhbərliyindən fəlakətlə bağlı tədbirlərin təcili qaydada icrasını tələb edib.
Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın şərq sahillərinə çatan “Hagibis” tufanı 11 prefekturada çayların daşmasına, yaşayış məntəqələrinin su altında qalmasına, torpaq sürüşmələrinə səbəb olub. Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatına görə, Naqano, Fukuşima, İbaraki və digər üç prefekturada 37 çay məcrasından çıxıb.
Naqano şəhərində Çikuma çayının daşması nəticəsində yolları və yaşayış məntəqələrini basmış suyu çəkmək üçün 20-dən çox nasos quraşdırılıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-10-14 15:33:00