×
A
A
A
Sazlamalar

Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni beynəlxalq metodiki vəsait hazırlayıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyası (TWESCO) və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “Muzey fondlarında əlyazmaların qorunması işlərinin əsas istiqamətləri” adlı ilk birgə metodiki vəsait işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, MEMİM-in metodisti Sevinc Qasımovanın müəllifliyi, TWESCO-nun Prezidenti Darxan Kıdırəli və Mərkəzin direktoru Asif Usubəliyevin nəzarəti ilə nəşr olunan “Muzey fondlarında əlyazmaların qorunması işlərinin əsas istiqamətləri” adlı metodiki tövsiyə muzeylərdə əlyazmaların saxlanma və qorunma şəraitləri, temperatur, işıq, nəmişlik, bioloji rejimləri, fors-major və digər vəziyyətləri əhatə edir.
Vəsait türk və ingilis dillərinə tərcümə olunacaq və bütün TÜRKSOY-a üzv ölkələrə istifadə etmək üçün göndəriləcək.
Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrin prezidentlərinin, o cümlədən Prezident İlham Əliyevin birgə təşəbbüsü ilə 2010-cu ildə təsis olunub. 2017-ci ildə Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçirilib. Forum çərçivəsində Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev tərəfindən əməkdaşlıq memorandumu imzalanıb. Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edən memorandum çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi və metodiki vəsaitlərinin hazırlanması da nəzərdə tutulub.
Daha sonra 2018-ci ildə Astana səhərində TWESCO tərəfindən təşkil olunan Türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupu təşkil olunub. Təsis toplantısında həmin qrupun sədri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev seçilib.
İşçi Qrupunun yaradılmasında məqsəd türkdilli xalqların maddi-mədəni mirasının qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartların işlənib hazırlanmasıdır. Bundan əlavə, Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupu muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyasını üzərinə götürüb.

Mədəniyyət 2019-10-14 15:26:00