×
A
A
A
Sazlamalar

Nazirlik rəsmisi: Azərbaycanda elektron ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək

Bakı, 14 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda elektron ticarət (e-ticarət) vahid sənəd çərçivəsində inkişaf etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov oktyabrın 14-də Bakıda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sözügedən sənədin layihəsi üzrə iş aparılır: “Hazırda e-ticarətin inkişafı ilə bağlı ayrı-ayrı istiqamətlər üzrə Strateji Yol xəritələrində əks olunub və müxtəlif qurumlar bu istiqamətlərə cavabdehdir. II Bakı Elektron Ticarət Forumunda aparılacaq müzakirələr bizə imkan verəcək ki, bu barədə qərar verək. Ötən dəfə bu, tövsiyə xarakterli bir bəyannamə idi və həmin bəyannamə sonradan müvafiq instansiyalara təqdim olundu. Artıq sözügedən sənədin layihəsi ətrafında işlər aparılır. Ümid edirik, II Bakı Elektron Ticarət Forumu bu prosesi daha da sürətləndirəcək”.
R.Əzizov qeyd edib ki, ümumilikdə ölkədə e-ticarətin inkişafının əsas meyarları ən vacib və gündəmdə olan məsələlərdəndir: “Məsələ ondadır ki, əhali daha çox xarici platformalardan istifadə edir. Amma fikrimizcə, yerli platformaların inkişafı hazırda dövlət qurumları üçün bir prioritet olmalıdır. Bu istiqamətdə aparılan işlər və layihələr bu məqsədə yönəlməlidir. Bu barədə geniş diskussiya builki Bakı Elektron Ticarət Forumunun əsas mövzusu olacaq”.

 

İKT 2019-10-14 14:50:00