×
A
A
A
Sazlamalar

DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 8-də saat 9.00-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən nazirliyin Əlahiddə Çevik Polis Alayında və Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək.
Nobel prospekti - 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında keçiriləcək sıra baxışında ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, 20-25 yaşlarında, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakıda yaşayış yeri olan və yaşayan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Sıra baxışına gələnlər şəxsi sənədlərini (şəxsiyyət vəsiqəsi və hərbi bilet) təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Kompüter avadanlığı ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.
Boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.
Əlavə məlumatı (012) 590-97-52, 590-94-12, 590-92-37 və 590-93-45 telefon nömrələri vasitəsilə almaq olar.

Cəmiyyət 2019-10-14 13:49:00