×
A
A
A
Sazlamalar

Polşada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Varşava, 14 oktyabr, AZƏRTAC 

Oktyabrın 13-də Polşada keçirilmiş parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, proqnozlara əsasən də lider hesab olunan Yaroslav Kaçinskinin Ədalət və Hüquq Partiyası (PiS) mütləq səs çoxluğu ilə qələbə qazanıb. Partiya seçicilərin 40 faizindən çoxunun etimadına layiq görülərək parlamentdə say üstünlüyünü qoruyub saxlayıb.
Y.Kaçinski ilkin hesablamalardan sonra verdiyi açıqlamada vurğulayıb ki, onlar növbəti dörd ildə də Polşanı ancaq yaxşılığa doğru dəyişmək istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
PiS-in əsas rəqibi olan “Vətəndaş Platforması” isə səslərin 25 faizini toplayıb.
Nəticələrin yekun hesablanmasından sonra hər hansı bir dəyişiklik olmasa, PiS məğlubedilməz mandat sayı ilə mühafizəkar proqramına davam edəcək.
Qeyd edək ki, ölkə üzrə seçicilərin 60 faizi səsvermədə iştirak edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava 

Dünya 2019-10-14 12:23:00