×
A
A
A
Sazlamalar

Dövlət sərhədini pozan şəxs saxlanılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb.
Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkarlanıb.
Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, zəruri əməliyyat-is-tintaq hərəkətləri həyata keçirilir.

 

Hadisə 2019-10-14 09:42:00