×
A
A
A
Sazlamalar

Çin və Hindistan liderlərinin görüşündə Kəşmir məsələsi müzakirə olunmayıb

Pekin, 12 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Hindistanın Çennay şəhərində bu ölkənin Baş Naziri Narendra Modi ilə qeyri-rəsmi görüşündə Kəşmir məsələsi müzakirə olunmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın Xarici Məsələlər katibi Vicay Qokhale görüşün yekunlarını şərh edərkən deyib. O, görüşdə iki ölkə arasında münasibətlərin inkişafına dair məsələlərin müzakirə edildiyini deyib. Həmçinin tərəflərin bu istiqamətdə siyasi iradə nümayiş etdirməyə hazır olduqlarını bildirdiklərini diqqətə çatdırıb.
ÇXR-in rəsmi mənbələri yazır ki, Sədr Si Cinpin Çin və Hindistanın bir-birinin vacib qonşusu olduğunu, ölkəsinin rəsmi Dehli ilə ikitərəfli münasibətlərin inkişafı strategiyasına sadiq qaldığını bəyan edib. Si Cinpin hər iki ölkəni digərinin inkişafına düzgün nəzər salmağa, qarşılıqlı anlaşmanı təşviq etməyə və ikitərəfli faydalı əməkdaşlığı gücləndirməyə çağırıb.
Baş Nazir Narendra Modi iki ölkənin müxtəlif məsələlərə dair fikir müxtəlifliyinin qarşıdurmaya çevrilməli olmadığını deyib. O, Çennay görüşünü Hindistan-Çin əməkdaşlığında yeni mərhələ kimi qiymətləndirib.
Qeyd edək ki, dünyanın ən çox əhaliyə malik ölkələri olan Çin və Hindistan həm də ən sürətlə inkişaf etməkdə olan ölkələrdəndir. Ötən il bu ölkələr arasında ticarət dövriyyəsi 95,54 milyard ABŞ dolları təşkil edib.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-10-12 18:17:00