×
A
A
A
Sazlamalar

Sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməməsi böyük fəsadlara yol aça bilər

Bakı, 12 oktyabr, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası Təhsil Nazirliyinin dəstəyi ilə Bakının orta ümumtəhsil müəssisələrinin 10-cu və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarları davam etdirir. Növbəti interaktiv seminar Xətai rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunub.
DTX-nin İctimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminarın məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyəsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.
Seminarlar DTX-nin təcrübəli əməkdaşları, Akademiyanın müəllimləri və bu sahə üzrə dəvət olunan peşəkar mütəxəssislər tərəfindən aparılır.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən “Şöhrət” muzeyi ilə tanış olublar.
Seminarda şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.
Akademiya rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.
Seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, kafedra rəisi D.Rüstəmovun, DTX-nin əməkdaşı O.Mustafazadənin və Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanovun və digərlərinin aktual mövzularda məruzələri dinlənilib. Seminar şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.
Sonda tədbir iştirakçılarına “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda videoçarx nümayiş olunub.

Sosial 2019-10-12 17:20:00