×
A
A
A
Sazlamalar

Cənubi Koreya-Yaponiya ticarət danışıqlarının ilk mərhələsi keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Cenevrədə Cənubi Koreya və Yaponiya arasında ticarət məsələlərinə dair danışıqların ilk mərhələsi keçirilib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, tərəflər Cənubi Koreyanın Yaponiyanın yeni ixraca nəzarət qaydalarından Dünya Ticarət Təşkilatına şikayəti məsələsini müzakirə edərək, danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər.
"Biz gələcək məsləhətləşmələrin lazımlı olmasına razılaşdıq və diplomatik kanallar vasitəsi ilə danışıqların yeni mərhələsinin müəyyən edilməsinə qərar verdik”,- deyə Cənubi Koreya nümayəndə heyətinin rəhbəri Çunq He-Kvan deyib.
Qeyd edək ki, rəsmi Seulun şikayəti Yaponiyanın təhlükəsizliyin təmin edilməsi adı ilə ixraca nəzarət sisteminin islahatları çərçivəsində bəzi malların Cənubi Koreyaya ixracını məhdudlaşdırmasının beynəlxalq ticarət qaydalarına, o cümlədən Tarif və Ticarət haqqında Əsas Razılaşmanın 11-ci maddəsinə zidd olması ilə bağlıdır. Seul Yaponiyanın həmin qərarının əsarət illərində (1910-1945) məcburi əməyə cəlb edilmiş koreyalıların varislərinə yapon şirkətlərinin kompensasiya ödəmək barədə Cənubi Koreya məhkəməsinin qəbul etdiyi qərarla əlaqədar olduğunu iddia edir. Yaponiya tərəfi isə qərarın Cənubi Koreyanın həssas məhsulların ticarətinə zəif nəzarəti səbəbindən zəruri olduğunu bildirir.
Əgər tərəflər şikayətin verildiyi tarixdən (11 sentyabr) sonra 60 gün ərzində razılığa gələ bilməsələr, onlar Dünya Ticarət Təşkilatının mübahisələrin həlli ilə məşğul olan orqanından məsələyə baxılmasını tələb edə bilərlər.

Dünya 2019-10-12 17:14:00