×
A
A
A
Sazlamalar

“Hagibis” qasırğası səbəbindən Yaponiyada 4 milyondan çox insan təxliyə oluna bilər

Bakı, 12 oktyabr, AZƏRTAC

“Hagibis” qasırğası səbəbindən Yaponiyanın Miea, Tokio, Sizuoka, Çiba və Qunma prefekturalarında 50 min insan təxliyə edilir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təxliyə barədə qərar yaxınlaşan qasırğanın insanların həyatına ciddi təhlükə yaratdığı üçün verilib. Tokio da daxil olmaqla ölkənin 10 prefekturasında daha 4,2 milyon insana təhlükəli ərazilərdən çıxmaq tövsiyə edilib.
Cənub-şərqdən Yaponiya arxipelaqına yaxınlaşan “Haqibis” qasırğasının mərkəzində küləyin sürəti saniyədə 45 metrə, bəzi hallarda isə 65 metrə çatır. Meteoroloqlar gücünə görə onu 1269 nəfərin həyatına son qoyan “İda” qasırğası ilə müqayisə edirlər. Qasırğa ölkənin sakit okean sahillərini təsiri altına alacaq. Artıq Tokioda güclü küləklə müşayiət olunan leysan yağışları yağır. Qasırğanın bazar gününə keçən gecə Yaponiya paytaxtına çatacağı gözlənilir.
Qasırğanın yaxınlaşması ilə əlaqədar Yaponiya aviaşirkətləri 1600-dən çox daxili reysi təxirə salıblar.

Dünya 2019-10-12 11:52:00