×
A
A
A
Sazlamalar

AMEA “Clarivate Analytics” təşkilatı ilə növbəti əməkdaşlıq müqaviləsi imzalayacaq

Bakı, 11 oktyabr, AZƏRTAC 

Bakıda səfərdə olan “Clarivate Analytics” agentliyinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovla görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Əminağa Sadıqov akademiyanın bütün elmi müəssisə və təşkilatlarından alim və mütəxəssislərin “Web of Science” bazasından geniş istifadə etdiyini bildirib. O, baza məlumatları əsasında AMEA-nın statistik və analitik göstəricilərinin əvvəlki illərlə müqayisədə keçən il daha yüksək olduğunu qeyd edib. Əminağa Sadıqov “Clarivate Analytics” təşkilatı ilə fəal əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb və növbəti ildə AMEA-nın göstəricilərinin yüksək olacağına əminliyini bildirib.
Sonra təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorov “Web of Science” bazasında AMEA ilə bağlı elmi-analitik məlumatları diqqətə çatdırıb. O, ümumilikdə bu bazada elmi əsərlərin sayına görə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında ön sırada yer aldığını bildirib.
“Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə AMEA-nın elmi jurnallarının bu bazanın tələblərinə uyğun təkmilləşdirilməsi üçün təşkilatın ekspertləri tərəfindən xüsusi seminarlar təşkil ediləcəyini, eyni zamanda, “Web of Science” məlumat bazasının yeni imkanlarından istifadəyə dair təlimlər keçiriləcəyini vurğulayıb.
Daha sonra “Clarivate Analytics” təşkilatı ilə növbəti illər üçün müqavilənin hazırlanması və imzalanmasına dair fikir mübadiləsi aparılıb, sənəddə yer alacaq məsələlər müzakirə edilib.

Elm və təhsil 2019-10-11 19:11:00