×
A
A
A
Sazlamalar

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin ikinci günü başa çatıb

Bakı, 11 oktyabr, AZƏRTAC 

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (“EduExpo”) ikinci günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, sərginin ikinci günündə “Təhsil TV” Media Mərkəzində “Olimpiadalarda qazanılan uğurlar, regionlarda lisey siniflərinin açılması”, “Hesablayıcı düşüncə meydançası – “Polyup” platformasının təhsildə tətbiqi”, “Məktəb tikintisi, cari ildə yeni istifadəyə verilən təhsil müəssisələri”, “Peşə təmayüllü siniflərin açılması”, “Çevik bacarıqlar (Soft skills) müasir dövrdə”, “eTwinning Plus: layihə əsaslı öyrənmə”, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti” mövzularında təqdimatlar keçirilib və aşpaz ixtisasını bitirmiş və hazırda 5 ulduzlu otellərdən birində çalışan məzun, habelə işəgötürənlərin iştirakı ilə “TED Talk” təşkil edilib.
Yerli və xarici ali təhsil müəssisələrinin, eləcə də Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilib.
Beynəlxalq Təhsil Sərgisinin ikinci günündə Avropa universitetlərinin təqdimatı da olub. Təqdimatda iştirakçılara Avstriya, Latviya, Fransa, Rumıniya və Macarıstanda təhsil, Şərq Tərəfdaşlığı Avropa Məktəbi və “Erasmus+” proqramı haqqında ətraflı məlumat verilib. İştirakçılar, eyni zamanda, bu ölkələrin ali təhsil sistemi, tədris və təqaüd proqramları, universitetlərə qəbul qaydaları barədə məlumatlandırılıb. İnteraktiv şəkildə davam edən təqdimatda suallar cavablandırıb.
“EduExpo” çərçivəsində BP şirkəti “Mühəndislikdə müxtəliflik” mövzusunda təqdimat keçirib. Məktəblilərin və tələbələrin iştirak etdiyi tədbirdə şirkətin mühəndis-texnoloqu Əli Novruzov “Mühəndislikdə gender balansı və müxtəliflik” mövzusunda danışıb. Şirkətin modernləşmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov “BP, insanlar və bərabərlik” mövzusunda təqdimatla çıxış edib. BP şirkətinin əməkdaşları Anar Vəliyev, Esmira Qüdrətova, Elxanə İsmayılova, Günay Şamilova, Nigar Zülfüqarova, Günəş Əliyeva müxtəlif mövzularda təqdimatlar edib, iştirakçılarla öz uğur hekayələrini bölüşüblər.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sərgidə ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış “İnformasiya yaradıcılığı, standartlar və yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı”, “Türkdilli agentliklərin Bakı görüşü” və digər kitablar sərginin ziyarətçilərində böyük maraq doğurub.
Sərgidə ziyarətçilər üçün intellektual-əyləncəli yarışlar da təşkil olunub.
Xatırladaq ki, sərgiyə 22 ölkədən 150-dən çox iştirakçı qatılıb. Builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.
Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. İştirakçılara “Rəqəmsal bacarıqlar”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir” tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunur.
“EduExpo 2019” sərgisində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edir.
Bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edirlər. Eyni zamanda, Avropa İttifaqının birləşmiş stendi debüt edir. Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur.
Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.
Oktyabrın 12-dək davam edəcək sərgiyə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.

Elm və təhsil 2019-10-11 18:59:00