×
A
A
A
Sazlamalar

BSU-da Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edən Moskva Politexnik Universitetinin beynəlxalq inteqrasiya və xarici tələbələrlə iş idarəsinin rəisi İrina İvanova, A.N.Kosıqin adına Rusiya Dövlət Universitetinin Dizayn İnstitutunun direktoru Yekaterina Qurova, Kazan Federal Universitetinin beynəlxalq fəaliyyət üzrə dekan müavini Liliya Yafuzova, Cənub Federal Universitetinin İnformasiya texnologiyalarının təhlükəsizliyi kafedrasının müdiri Yevgeni Abramovla görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor Nurlana Əliyeva qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Rektor BSU-nun yaranma tarixi, fakültələri, ixtisasları, tədris prosesi, professor-müəllim heyəti, iştirak etdiyi yerli və beynəlxalq layihələr, xarici əlaqələri, universitetdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, BSU-nun xarici ölkələrdəki Azərbaycan dili və mədəniyyəti mərkəzləri barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, BSU təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu rusistika mərkəzi sayılır. Bu ali məktəbdə bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. BSU çoxprofilli ali məktəbdir.
Qonaqlar təmsil etdikləri ali təhsil müəssisələrinin tədris prosesi və elmi tədqiqat fəaliyyətindən danışıblar. Vurğulanıb ki, BSU-nun 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təqdim etdiyi zəngin stend onlarda xoş təəssürat yaradıb.
Görüşdə elm və təhsil sahəsində gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Elm və təhsil 2019-10-11 18:35:00