×
A
A
A
Sazlamalar

Qaydalara düzgün riayət etmək təhlükəsiz hərəkətin qarantıdır

Bakı, 11 oktyabr, AZƏRTAC 

Uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və məktəblilərə yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə polis əməkdaşları tərəfindən ümumtəhsil məktəblərində şagirdlərlə görüşlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının təşkilatçılığı ilə şəhər 8 saylı tam orta məktəbdə keçirilib.
Çıxış edən Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev bildirib ki, avtomobillərin sayının çoxaldığı və nəqliyyatın intensivliyinin artdığı bir vaxtda həm sürücülər, həm piyadalar daha diqqətli olmalı, yol hərəkəti qaydalarına riayət etməklə özünün və qarşı tərəfin təhlükəsiz hərəkətini təmin etməlidir. Qeyd olunub ki, bu istiqamətdə DYP əməkdaşları xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və azyaşlıların iştirakı ilə baş verən qəzaların qarşısını almaq məqsədilə mütəmadi olaraq məktəblərdə şagirdlərlə görüşlər keçirir, onlara tövsiyələrini verirlər. Şagirdlərlə keçirilən görüşlər zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılır, təhlükəsizlik qaydaları izah olunur.
Sonda şagirdlərin yol hərəkəti ilə bağlı sualları cavablandırılıb.

Sosial 2019-10-11 17:49:00