×
A
A
A
Sazlamalar

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün geniş müşavirə keçirilib VİDEO

Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən Mərkəzi Seçki Komissiyası (MSK) cari ildə ilk maarifləndirmə layihəsinə start verib.
Aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılmasına, onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənməklə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin birinci mərhələsi çərçivəsində oktyabrın 11-də MSK-da ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının sədrləri üçün geniş müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə açılış nitqi ilə çıxış edən MSK-nın sədri Məzahir Pənahov müstəqil Azərbaycan müxtəlif sahələrdə olduğu kimi, seçkilər sferasında da ciddi irəliləyişlər əldə edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın seçki təcrübəsini nümunə göstərmək olar. 1990-ci illərin ortalarından sonra ölkədə siyasi sabitlik əldə edildi. Bu isə ədalətli, şəffaf seçki keçirilməsi üçün əsas şərtdir.
Sədr bildirib ki, müxtəlif dövrlərdə seçki prosesinə müdaxilələrlə bağlı müəyyən cəhdlər olsa da, dövlətimizin başçısının ortaya qoyduğu mövqe ilə bu cəhdlərin qarşısı alınıb və şəffaf seçkilərin keçirilməsinə nail olunub. MSK müxtəlif dövlət qurumları ilə sıx əlaqə saxlayır və bu, şəffaf seçkilərin keçirilməsinə zəmin yaradır. Bütün bölgələrdə məntəqə seçki komissiyaları üçün əlverişli iş şəraiti yaradılıb. Azərbaycanda bu il dekabrın 27-də keçiriləcək bələdiyyə seçkilərində səsvermə prosesini izləmək üçün beynəlxalq təşkilatların nümayəndələri də dəvət ediləcək. Bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı az olur. Bu seçkilərə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəvət olunacaq.
“Hesab edirəm ki, müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçilər olsun. Çünki biz seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq. Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini yekunlaşdırır. Yaxın günlərdə seçkiləri rəsmi şəkildə elan edəcəyik”, - deyə Məzahir Pənahov vurğulayıb.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev çıxış edərək deyib ki, bu gün Azərbaycanda seçkilərə rəhbərlik edən şəxslərin peşəkarlığı yüksək səviyyədədir. Bu, seçkiləri izləyən xarici müşahidəçilərin də hesabatlarında öz əksini tapır.
Zeynal Nağdəliyev qeyd edib ki, Prezident İlham Əliyevin davamlı səylər nəticəsində son dövrdə keçirilən seçkilər əvvəlkilərdən müqayisəolunmaz dərəcədə fərqlənir. Ölkəmizdəki siyasi sabitlik seçkilərin şəffaf keçirilməsi üçün münbit şərait yaradır. Azərbaycanda dörd bələdiyyə seçkiləri keçirilib. Qarşıda isə bizi beşinci seçkilər gözləyir.
Prezidentin köməkçisi deyib: “Vətəndaşların yerli idarəetmə orqanlarına marağı gündən-günə artır. Seçkilərə ali təhsilli namizədlərin sayı çoxalır. Əminik ki, növbəti bələdiyyə seçkiləri də şəffaf, qanunauyğun şəkildə keçiriləcək. Çatışmazlıqlar vaxtında aradan qaldırılacaq. Ölkəmizdə təşviqat işinin düzgün aparılması üçün bütün şərait yaradılıb. Azərbaycanda seçki sistemi təkmilləşdirilib, insanların seçkiyə marağı artıb. Seçkiləri izləyən müşahidəçilərin iradları azalmaqdadır. Bu, onu göstərir ki, seçki sistemi sürətlə təkmilləşdirilir. Bunun da səbəbi ölkədəki siyasi sabitlikdir, Prezident İlham Əliyevin nüfuzudur. Azərbaycandakı seçki sistemi dünya üçün nümunədir. İnsanlar yaranmış bu şəraiti dəyərləndirir, seçkidə fəallıq göstərirlər”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qeyd edib ki, bələdiyyələrin hüquqi bazası demək olar, tamamlanıb. Bələdiyyələrin fəaliyyətində qarşıya çıxan problemlər aradan qaldırılır. Qısa müddət ərzində bələdiyyələr böyük yol keçiblər. Hər bir vətəndaş bələdiyyələrin fəaliyyətində iştirak etməlidir. Lakin bələdiyyə ödənişlərinin yığılması ilə bağlı məsələ heç də ürəkaçan deyil. Azərbaycan dövləti tərəfindən bu problemi aradan qaldırmaq üçün əməli addımlar atılır.
Baş prokurorun birinci müavini Rüstəm Usubov çıxış edərək bildirib ki, bələdiyyə seçkiləri respublikamız üçün çox əhəmiyyətli hadisədir. Hər birimiz bu prosesdə iştirak etməliyik. Şəffaf seçkilər ölkəmizdə demokratiyanın göstəricisidir.
Rüstəm Usubov qeyd edib ki, son dövrlərdə bələdiyyələrin statusunda ciddi dəyişikliklər edilib və onlara əlavə statuslar verilib. Bu isə bələdiyyələrin işinə müsbət təsir göstərir. Prokurorluq orqanları seçki prosesinə xüsusi həssaslıqla yanaşır. Azərbaycan prokurorluğu bu məsələdə Mərkəzi Seçki Komissiyası ilə sıx əlaqədə çalışır. Daxil olan şikayətlərə ciddi şəkildə baxılır, məsələ ətraflı araşdırılır. “Həmişə olduğu kimi, seçki qanunvericiliyini qorumalıyıq. İnanıram ki, bu seçkini də birlikdə yüksək səviyyədə keçirəcəyik. Cəmiyyətin tərəqqi və inkişaf yolu demokratik seçkilərdən keçir. Seçkilər mühüm siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir. Seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər”, - deyə Baş prokurorun birinci müavini bildirib.
Daxili İşlər nazirinin müavini Oruc Zalov Azərbaycan daxili işlər orqanlarının qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşdığını deyib. Qeyd edib ki, seçkilərin sabit şəraitdə keçirilməsi üçün daxili işlər orqanları böyük məsuliyyət daşıyır. Bu seçkilərdə də daxili işlər orqanları şəxsi heyətin sayıqlığının artırılması, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində çalışacaqlar. Təşviqat qruplarının təhlükəsizliyinin təmin olunması da daxili işlər orqanlarının diqqət mərkəzində olacaq. Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də yox deyil. Asayişin pozulmasına yönələn hər hansı cəhdin qarşısı qətiyyətlə alınacaq.
Nazir müavini bildirib ki, seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələri tam həcmdə və layiqincə yerinə yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Mühüm dövlət tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun, təhlükəsiz şəraitdə keçirilməsi, vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün əsas amillərdən olan ictimai asayişin etibarlı qorunmasını təşkil etmək məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər nəzərə alınıb və Tədbirlər Planının hazırlanmasına başlanılıb.
Ədliyyə nazirinin müavini Azər Cəfərov qeyd edib ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətini təmin etmək üçün əməli addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir çox Dövlət Proqramlarında bələdiyyələrin potensialının gücləndirilməsi ilə bağlı mühüm tədbirlər müəyyənləşdirilib. Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl olunması üçün mütəmadi iş aparır. 156 bələdiyyə üzvü ilə bağlı iş baxılması üçün prokurorluq orqanlarına göndərilib. Seçkilərin daha ədalətli və şəffaf keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşı səy göstərməlidir. Seçkilər zamanı ədliyyə orqanlarının üzərinə düşən ən mühüm vəzifələrdən biri penitensiar müəssisələrdəki vətəndaşların seçki hüququndan istifadəsinin təmin edilməsi ilə bağlıdır. Bir çox ölkələrdə məhkum olunan şəxslərin seçki hüququ yoxdur. Bəzi ölkələrdə bu hüquq müəyyən şərtlərlə verilir. Azərbaycanda isə seçki hüququna malik bütün məhkum olunmuş vətəndaşlar sərbəst şəkildə öz namizədlərinə səs verirlər.
Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Ali Məhkəmənin hakimi Xəqani Məmmədov seçki prosesi, bu sahədə qarşıya çıxan problemlər və məsələnin operativ, ədalətli şəkildə araşdırılması barədə ətraflı məlumat veriblər.
MSK Katibliyinin müdiri Rövzət Qasımov, Katibliyin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov və Ümumi şöbənin müdiri Elşən Əsgərov qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda təqdimatlarla çıxışlar edib və iştirakçıları maraqlandıran sualları ətrafı cavablandırıblar.
Qeyd edək ki, aşağı seçki komissiyalarının üzvlərinin bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi daşıyan genişmiqyaslı layihənin ikinci mərhələsi oktyabrın 15-17-də ölkə ərazisindəki bütün dairə seçki komissiyalarının katiblərini, üzvlərini və məntəqə seçki komissiyalarının sədrlərini əhatə etməklə, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar şəklində keçiriləcək. Bu mərhələdə regionlarda MSK təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri aşağı seçki komissiyalarının üzvləri qarşısında çıxış edəcək və seçkilərlə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq.
Ümumilikdə 6000-dən çox seçki rəsmisini əhatə edən bu irimiqyaslı layihə aşağı seçki komissiyaları üzvlərinin seçki prosesi ilə bağlı hərtərəfli informasiya əldə etmələrinə imkan yaradacaq.

Daxili siyasət 2019-10-11 16:43:00

Video