×
A
A
A
Sazlamalar

BMT-nin məruzəçisi: Son iki ildə Azərbaycan ərzaq və qida təhlükəsizliyi sahəsini inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atıb

Bakı, 11 oktyabr, AZƏRTAC
Son 20 il ərzində yüksək iqtisadi artım və sosial sahədə həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan yüksək nəticələr göstərən yuxarı orta gəlirli ölkəyə çevrilib. Lakin ölkə iqtisadiyyatını daha da şaxələndirmək üçün səylər göstərilməli və kiçik fermerlərə dəstək verilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver oktyabrın 11-də keçirilən mətbuat konfransında deyib.
O, oktyabrın 1-dən 11-dək Bakı, Quba və Gəncəyə səfər etdiyini, fermerlər, xalça toxucuları, qadın sahibkarlar, beynəlxalq inkişaf agentliklərinin nümayəndələri, dövlət internat məktəbində əlilliyi olan uşaqlar, eləcə də yerli və mərkəzi hökumət rəsmiləri ilə görüşlər keçirdiyini diqqətə çatdırıb.
On bir günlük səfərinin ilkin bəyanatını təqdim edən mütəxəssis bildirib: "Hökumət iqtisadi sabitliyi təmin etmək məqsədilə ölkənin aqrar potensialını inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün səylər göstərir. Son iki il ərzində Qida Təhlükəsizliyi Agentliyi kimi yeni təsisatların yaradılması istiqamətində Azərbaycan təqdirəlayiq addımlar atıb, kənd təsərrüfatı, ərzaq və qida təhlükəsizliyi sahələrini inkişaf etdirmək üçün yeni qanunlar, siyasət və proqramlar qəbul edib. Hazırda əsas məsələ müvafiq vəsaitin ayrılmasını təmin edərək həmin məqsədləri həyata keçirmək, iqtisadi artıma nail olmaqdır. Növbəti onillik həlledici əhəmiyyət kəsb edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından, Azərbaycan öz-özünü təmin edə bilmək üçün səylər göstərməli və kiçik fermerlərin bazarda rəqabət qabiliyyətini gücləndirməlidir".
H.Elver gələn il martda Cenevrədə ətraflı hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Sosial 2019-10-11 14:04:00