×
A
A
A
Sazlamalar

Ucar rayonunda 3 əl qumbarası və 208 müxtəlif çaplı patron aşkarlanıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da saat 10:38-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ucar rayonunun Müsüslü kəndində əl qumbarasının və “Kalaşnikov” avtomatının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ucar Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə Bakı-Ələt-Qazax avtomobil yolunun kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (iki ədəd F-1 və bir ədəd RQD-5), 3 ədəd UZRQM partladıcısı və 208 ədəd müxtəlif çaplı patronlar aşkarlanıb. Həmin hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hadisə 2019-10-10 20:12:00