Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

Bakı, 10 oktyabr, AZƏRTAC 

Oktyabrın 10-da 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində “Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq dördüncü dəfə həyata keçirilən və “Nəsimi ili”nə həsr olunan yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini söyləyib. Nazir müavini bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.
Mərasimdə bildirilib ki, iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib. Beş bölgənin 47 kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib.
“Nəsimi ili”nə həsr olunan yay məktəbi müddətində şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər.
Sonra mükafatlar təqdim olunub.
Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən, keyfiyyətli təhsil üçün bərabər imkanlar yaradılmasına xidmət edən təhsil proqramıdır.
“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə bu yay məktəbi çərçivəsində 30 gün ərzində 8500 km yol qət edilib, 22 ali və orta ixtisas təhsili müəssisəsi, 32 şəhər, 75 kənd-qəsəbə məktəblərindən olan 700-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.
“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” tələbə-könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, “SABAH” qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilib.
İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, AZƏRTAC, Edumap Təhsil portalı və “Fam Tram” layihənin media və informasiya tərəfdaşıdır.

Elm və təhsil 2019-10-10 19:47:00