Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanlı tələbələr “Sechenov Unity Day” festivalında iştirak ediblər

Moskva, 10 oktyabr, AZƏRTAC
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində tələbələrin ənənəvi “Sechenov Unity Day” festivalı keçirilib. Artıq dalbadal ikinci ildir ki, bu tədbir Seçenov Universitetində təhsil alan müxtəlif millətlərin nümayəndələri arasında mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı inkişaf etdirmək məqsədi ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 19 ölkənin və Rusiya xalqlarının nümayəndələri ilə yanaşı, Seçenov Universitetinin azərbaycanlı həmyerlilər birliyinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları iştirak edirlər.
Universitetin ictimai əlaqələr və tərbiyə işləri üzrə prorektoru Andrey Yeryomin festivalın açılışında çıxış edərək deyib: “Əcnəbilərin adaptasiyası yeni təhsil mühitinə fəal qoşulma prosesidir. Nəticədə tələbələrin təhsilə marağının formalaşması məsələləri həll edilir. Ali təhsil ocağının hazırladığı mütəxəssislər tibb elminin və klinik fəaliyyətin aktual istiqamətlərini nəinki yaxşı bilməli, həm də beynəlxalq bazarda fəal rəqabət aparmağa imkan verən bilik, bacarıq və vərdişlərə malik olmalıdırlar”.
Azərbaycan klubu xalq yaradıcılığı sərgisində dekorativ-tətbiqi sənət nümunələri, milli geyimlər, Azərbaycanın tarixi və ənənələri haqqında videoçarxlar, kitablar təqdim edib. Bayraqlar və milli suvenirlərlə bəzədilmiş masalarda Azərbaycan mətbəxinin təamları düzülüb.
Festivalın ikinci günü də maraqlı keçib. Beş komanda “International Games” intellektual viktorinasında iştirak edib. Qalib gəlmək üçün iştirakçılar üç mərhələdən keçməli, başqa ölkələrin mədəniyyətinə və musiqisinə dair geniş əhatəli suallara cavab verməli, habelə tibb terminologiyası sahəsində biliklərini nümayiş etdirməli idilər.
Festivalın qonaqları təntənəli mükafatlandırma mərasimindən sonra “Sechenov Unity Day” adlı bayram konsertinə tamaşa ediblər.
Rusiya, Azərbaycan, İsrail, Özbəkistan və Tacikistandan olan beynəlmiləl artistlər komandası Şərq mövzusunda maraqlı tamaşa hazırlayıb. Həmyerlilər birliklərinin hər biri öz milli mədəniyyətinin füsunkarlığını – oynaq rəqslər, milli musiqi alətlərində səslənən incə melodiyalar, ifaçıların ecazkar səslərini, milli geyimlərin parlaqlığını və təmtərağını nümayiş etdirib. Bir çıxış rəvan şəkildə digər çıxışla əvəzlənərək tamaşaçıya sevdiyi qadının axtarışında dünyanı dolaşaraq, nəhayət onu Azərbaycanda tapan Sultan haqqında maraqlı Şərq nağılını danışıb.
Seçenov Universitetinin azərbaycanlı tələbələri mütəşəkkillik nümayiş etdirərək Azərbaycanı parlaq nömrələrlə təqdim ediblər. Onlar “Mənim Azərbaycanım” mahnısını və “Yallı” rəqsini ifa ediblər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Elm və təhsil 2019-10-10 18:36:00