×
A
A
A
Sazlamalar

Dekabrda Bakıda əqli mülkiyyət hüquqları mövzusunda konfrans keçiriləcək

Bakı, 10 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC 

Oktyabrın 10-da ABŞ-ın ölkəmizdəki səfirliyinin Ticarət Müşaviri Kyle Rohrich və kommersiya məsələləri üzrə mütəxəssis Gövhər Məmmədova İnnovasiyalar Agentliyində olub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli qonaqlara ABŞ və İsraildə baş tutmuş “InEx” proqramları, həmçinin Azərbaycanda gedən innovativ inkişaf və mövcud ekosistem haqqında məlumat verib.
Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları və investisiya perspektivləri müzakirə edilib. Qonaqlara uğurlu startaplar, beynəlxalq layihələr və investisiyalarla bağlı məlumat verilib.
ABŞ səfirliyinin nümayəndələri birgə tədqiqat və inkişaf mərkəzlərinin yaradılması və ekosistem liderləri üçün mübadilə proqramının vacibliyinə toxunublar. Tərəflər bu ilin dekabrında əqli mülkiyyət hüquqları mövzusunda konfrans keçirmək qərarına gəliblər.

İKT 2019-10-10 18:31:00