Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nurlana Məmmədzadə: Yerli yarışların təşkili yeniyetmə gimnastlara öz güclərini nümayiş etdirməyə geniş imkanlar açır

Bakı, 10 oktyabr, AZƏRTAC

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatının təşkili yeniyetmə idmançılara öz güclərini nümayiş etdirməyə və təcrübə toplamağa geniş imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.
Baş katib bildirib ki, oktyabrın 10-da start götürən bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyində dörd gün davam edəcək. Oktyabrın 11-də isə aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı başlayacaq. Hər iki yarış müxtəlif yaş qrupları üzrə təşkil olunacaq. Hər bir gimnast çıxış etdiyi qrupda birinci olmaq istəyir və bu da yarışın gərgin idman mübarizəsi şəraitində keçməsinə imkan verir.
“Azərbaycan Gimnastika Federasiyasının regionlarda 17 bölməsi fəaliyyət göstərir. Altıncı dəfə həmin bölmələrin iştirakçıları bölgələrarası kubok yarışlarında güclərini sınayacaqlar. Yarışa maraq böyükdür və Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir”, - deyə N.Məmmədzadə əlavə edib.

İdman 2019-10-10 18:18:00