Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

"Bakı Şəhər Halqası" Akademiyası karyera yarmarkasına ikinci dəfə ev sahibliyi edəcək

Bakı, 10 oktyabr, AZƏRTAC
"Bakı Şəhər Halqası" (BŞH) Akademiyası Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) ilə birlikdə təşkil etdiyi karyera yarmarkasına növbəti dəfə oktyabrın 29-30-da ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, karyera yarmarkasının keçirilməsində əsas məqsəd ölkə gənclərinin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına yaxından dəstək göstərməkdir.
Builki yarmarkada xidmət, neft, qeyri-neft və digər aparıcı sahələrdə fəaliyyət göstərən 30-dan çox şirkət keyfiyyətli kadr axtarışında olacaq. Yarmarkada işaxtaranlara müxtəlif istiqamətlər üzrə ödənişli iş və təcrübə proqramları təklif olunacaq.
Karyera yarmarkasında iştirak etmək istəyənlər əvvəlcədən bu keçidə - https://forms.gle/V5UncjzXDATp5y4e7 - daxil olaraq onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Müraciətçilər yarmarkaya gələrkən öz şəxsiyyət vəsiqəsi ilə yanaşı CV-lərinin bir neçə nüsxəsini də gətirməlidirlər.
Qeyd edək ki, BŞH Akademiyasının ev sahibliyi ilə ötən il ilk dəfə baş tutmuş karyera yarmarkasında Formula 1 yarışlarının çox sayda könüllüsü ölkədə fəaliyyət göstərən qabaqcıl şirkətlərdə işlə təmin olunmuşdu.

İdman 2019-10-10 18:09:00