×
A
A
A
Sazlamalar

Goranboylu gənclər hərbi xidmətə yollanıblar

Bakı, 10 oktyabr, AZƏRTAC 

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 10-da xidmətin Goranboy Rayon Şöbəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə müddətli həqiqi hərbi xidmətə yola salınıblar.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən söz açıb, gənclərimizin torpaqlarımızın müdafiəsinə daim hazır olduğunu qeyd edib.
SHXÇDX-nin Goranboy Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, qazanılmış nailiyyətlərdən də danışıb.
Valideynlər adından çıxış edən Abduləzim Ələsgərov övladlarını hərbi xidmətə yola salmaqdan qürur duyduqlarını ifadə edib, çağırışçı gənclərə çətin və məsuliyyətli əsgər həyatında uğurlar arzulayıb.
Səməd Səmədzadə çağırışçılar adından çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini deyib.
Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək, müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Cəmiyyət 2019-10-10 17:46:00