Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İlahiyyat İnstitutu 13-cü Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir

Bakı, 10 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) oktyabrın 10-dan 12-dək keçirilən 13-cü Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sərgidə Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edib, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib.
Fidan Yusifova qeyd edib ki, instituta qəbul olunan hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılan lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Həmçinin tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini nəzərə çatdırıb.
Sərgidə Aİİ-nin nümayəndələri ziyarətçilərə ali təhsil müəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, institutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, müəssisədə keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat verirlər.
Ziyarətçilərə institutun fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlər verilir, “Din araşdırmaları” jurnalı, “İlahiyyatçı” qəzeti, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” layihəsinə əsasən ali təhsil müəssisəsinin müəllimlərinin çap olunan kitabları ilə tanış olmaq imkanı yaradılır.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır.
Azərbaycan İlahiyyat İnstitutunun 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirakının məqsədi yerli və xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yenilikləri öyrənmək, mədəni əlaqələr qurmaqdır.

Elm və təhsil 2019-10-10 17:09:00