Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İnsanları müqəddəs ziyarətgahlara aparmaq adı ilə onların pulunu mənimsəyən şəxs saxlanılıb

Bakı, 10 oktyabr, AZƏRTAC 

İnsanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılan əvvəllər məhkum olunmuş paytaxt sakini Xəyal İsmayılov özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq, onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verərək, onlardan müxtəlif məbləğlərdə pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar X.İsmayılovla əlaqə saxlaya bilməyiblər. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Qeyd edək ki, hələlik 31 nəfər zərərçəkən saxlanılan şəxsin qanunsuz əməllərindən polis orqanlarına şikayət edib.
Artıq X.İsmayılov barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, onlardan aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Hadisə 2019-10-10 16:37:00