Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Respublika çaylarında fenolların miqdarı normadan çox olub

Bakı, 10 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrda növbəti monitorinq keçirib.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi sentyabrın üçüncü ongünlüyünə nisbətən saniyədə 8 kubmetr artaraq 133 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan və Ermənistanın ərazilərindən həmin su obyektlərinə lazımi təmizlənmə aparılmadan əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarının sanitar-ekoloji normadan artıq olması müşahidə edilib. Sərhəddən keçdikdən sonra Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhrəmtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,85 -7,50 milliqram/litr arasında dəyişib.
Oktyabrın birinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenolların miqdarı Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 1,4, Ağstafa su anbarının Qazax rayonunun Musaköy kəndində 1,3, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində 1,7 dəfə normanı keçib. Araz çayı üzrə Horadizdə, Bəhrəmtəpədə və I Şahsevən məntəqələrində isə fenolların miqdarı normadan 2,1-2,2 dəfə çox olub. Biogen maddələrin miqdarının isə yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb.

Ekologiya 2019-10-10 16:32:00