Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xalq artisti Faiq Sücəddinov musiqi məktəbinin tələbələri ilə görüşüb

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Asəf Zeynallı adına Musiqi məktəbində tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinovun tələbələrlə görüşü baş tutub.
AZƏRTAC xəbər verir ki, Asəf Zeynallı adına Musiqi məktəbinin Azərbaycanın ən qədim təhsil ocaqlarından biri olduğunu diqqətə çatdıran məktəbin direktoru, professor Nazim Kazımov bu təhsil ocağının keçdiyi tarixi yola nəzər salıb.
N.Kazımov tələbələrə bəstəkarın Azərbaycan musiqisinin təbliği və inkişafındakı xidmətləri və 50 ilik fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Asəf Zeynallı musiqi məktəbin məzunu olan Faiq Sücəddinov hələ tələbə ikən tanınmağa başlayıb. Qeyd edib ki, Faiq Sücəddinovun kamera və simfonik orkestri üçün əsərləri, “Atatürk” odası, caz improvizasiyaları nəinki Azərbaycan, həm də türk dünyasında sevilir.
Faiq Sücəddinov çıxışında bildirib ki, müəllimlər onun üçün sırada öndə gedən insanlardı. O, məktəbin direktoruna müəllim-tələbə ab-havasını olduğu kimi saxladığına görə minnətdarlığını bildirib. “Tələbə qarşısında çıxış etmək çox məsuliyyətli bir iş olduğundan bu görüşə ciddi hazırlaşdım”, -deyə F.Sücəddinov vurğulayıb.
Sonra musiqiyə söz verilib. F.Sücəddinov sevilən əsərlərini ifa edib. Konsert zamanı “Rəqs fantaziya”, “Xatirələr”, “Vals”, “Azərbaycan”, “Vətən balladası” və digər mahnılar səsləndirilib.

 

Mədəniyyət 2019-10-10 16:24:00