Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Məktəblərdə şagirdlərə İslam dininin məqsədləri aşılanmalıdır

Ağsu, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Ağsuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və fəal gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin birinci müavini Rasim Novruzov çıxışında dünyəvi, hüquqi dövlət olan və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə gedən Azərbaycanda dini dözümlülük, vicdan azadlığının təmin olunması istiqamətində atılan addımlardan danışıb. Vurğulayıb ki, görülən işlər milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konvensiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna rol oynayır. R.Novruzov mövzunun aktuallığını qeyd edərək yeniyetmələrin ailədə, habelə orta məktəblərdə milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsinin vacib olduğunu bildirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov seminar-treninqdə çıxış edərək, böyüməkdə olan nəsil üçün dini bilgilərin təbliğində, mənimsədilməsində ən etibarlı mənbənin məktəb olduğunu söyləyib. Orta məktəblərdə “Həyat bilgisi” fənninin tədrisinin bu sahədə əhəmiyyətini vurğulayan G.İsmayılov, IV, VIII siniflərin dərsliklərinə dini bilgilərin salındığını deyib.
Qeyd olunub ki, məktəblərdə İslamın məqsədlərindən danışılmalıdır. Bu məqsədlər insanı, ailəni, haqq-ədaləti qorumaqdır. Yeniyetmə və gənclərə islamın dünyəvilik, saflıq, paklıq, ailəyə və qadına dəyər vermək, böyüyə hörmət, kiçiyə mərhəmət göstərmək, oxuyub elmli olmaq, təbiəti sevmək kimi dəyərləri aşılanmalıdır.
Sədr müavini “Həyat bilgisi” fənninin tədrisində yeniyetmələrin zərərli dini təbliğata qarşı hazırlanmalarının diqqətdə saxlanılmalı olduğunu bildirib.
Seminar-treninqdə “Azərbaycanlı, yoxsa müsəlman: hansı bizim üçün daha önəmlidir?”, “Dindar olub, müasir olmaq mümkündürmü?”, “Dindar gənclik dünyəvi gənclikdən nə ilə fərqlənir?” sualları ətrafında fikirlər dinlənilib.
Sonda tədbir müzakirələrlə davam edib.

Regionlar 2019-10-10 16:01:00