Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vətəni Hindistandır, ölkəmizdə isə yalnız Neftçalada bitir FOTO VİDEO

Neftçala, 10 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC 

Lotos və ya Şanagüllə bitkisi ölkəmizdə yalnız Neftçalanın Xolqarabucaq kəndində bitir.
AZƏRTAC xəbər verir ki, kənd sakini Həzrətqulu Kərimov 20 il əvvəl balıq yetişdirmək üçün göl düzəldib. Bir neçə ildən sonra təsadüf nəticəsində suda Şanagüllə bitkisinin boy atdığını görüb. Bitki çox çəkmir ki, bütün gölü əhatə edir. Belə olduqda kənd sakini göldə balıq yetişdirmək fikrindən daşınır və Şanagüllə bitkisinə qulluq etməyə başlayır.
Həzrətqulu Kərimov deyir: “Təsərrüfatı balıqçılıq üçün yaratmışdım. Lakin göldə bu bitki bitdiyinə görə balıq yetişdirməyi dayandırdım. Şanagüllə gölə gözəllik qatır. Bir neçə dəfə ayrı-ayrı rayonlardan gəlib, onun toxumlarını əldə ediblər. Lakin heç bir rayonda bitməyib”.
Şanagüllənin Azərbaycanda yalnız bir növü var, o da bu ərazidə bitir. İri yarpaqlara malik olan Şanagüllə ildə 3 dəfə - may, iyul aylarının sonu və avqustda dan yeri ağaranda növündən asılı olaraq tünd çəhrayı, sarı və ağ rəngdə çiçək açır.
Tədqiqatçıların fikrincə, Şanagüllənin toxumları 200 ildən sonra da cücərə bilər. Qədim dövrlərdə onun toxumlarından təsbeh, boyunbağı və digər əşyaların düzəldilməsində istifadə olunub. Həmçinin insanlar Şanagüllə bitkisinin yarpağından Günəşdən və yağışdan qorunmaq üçün də istifadə ediblər. Hətta körpə uşaqları bitki yarpağının içinə qoyub yatızdıranlar da olub.
Bioloq Elmira Abıyeva bildirir ki, Şanagüllənin toxumu və kökümsövu yeməli olsa da, düzgün qəbul edilməlidir. Çünki insan orqanizmini zəhərləyə bilər. Düzgün qəbul edildikdə müalicəvi əhəmiyyəti çoxdur: “Məsələn Şanagüllə bitkisinin toxumları baş ağrılarının müalicəsində də faydalıdır. Amma nəzərə almaq lazımdır ki, bitkinin saplağı zəhərlidir. Ona görə bu bitkini yığarkən və ondan istifadə edərkən ehtiyatlı olmaq lazımdır”.
İki metr dərinliyi olan axmaz sularda, eləcə də şirin su hövzələrində təbii yolla artan bu tropik bitki 1989-cu ildən “Qırmızı kitab”a salınıb.
Şanagüllənin üç cür - sualtı, üzən və suüstü yarpaqları var. Sanki üstü parafinlə örtülü olan yarpaqlara toz, çirk və su yapışmır. Onun bu gözəlliyinin səbəbi bitkinin mikroliflərinin suya nisbətdə bucaq altında bitməsidir. Hər axşam çiçəyi qapanan Şanagüllə suyun altında gizlənir, səhərlər isə yenidən suyun səthinə qayıdır. Yarpaqları kimi, çiçəkləri də həmişə quru qalır və heç vaxt islanmır.
Ölçüsü 25 santimetrdən böyük olan çiçəklərin ömrü cəmi dörd gündür.

Kənd təsərrüfatı 2019-10-10 15:38:00

Video