Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BDU-da görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC 

Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə II Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev professor Aida İmanquliyevanın şərqşünaslıq elminə töhfələrindən danışıb. Bildirib ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə həsr edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib.
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı olduğunu vurğulayan rektor alimin analitik təfəkkürü və zəngin mütaliəsini tədqiqatlarının əsas uğurunu şərtləndirən amillər kimi qeyd edib.
Rektor Elçin Babayev görkəmli alimin Azərbaycan şərqşünaslıq elmini beynəlxalq konfranslarda layiqincə təmsil etməsindən, yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında, bir sıra görkəmli ərəb yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasında xidmətlərindən danışaraq, uzun illər Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini, ərəb filologiyası fənnindən oxuduğu maraqlı mühazirələri ilə yetirmələrinin yaddaşlarında dərin iz buraxdığını da diqqətə çatdırıb. Qeyd olunub ki, Aida İmanquliyeva bütün bunlarla yanaşı, gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, 1962-ci ildə Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas məzunlarından biri olan Aida İmanquliyeva 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyası müdafiə edib, həmin ildən Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayıb, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1991-ci ildən ömrünün sonunadək direktor vəzifələrində çalışıb. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müdafiə edib. Aida xanım elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, uzun müddət BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs aparıb. Qeyd olunub ki, Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Onun ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan və buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Aida İmanquliyevanın bir çox xarici dillərə tərcümə edilmiş “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu, ərəb məhcər ədəbiyyatı haqqında yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurub, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Sonra Milli Məclisin deputatı Jalə Əliyeva və magistr Nigar Bağırlı alimin şərqşünaslıq elminə töhfələrindən danışıblar. Vurğulanıb ki, Aida İmanquliyevanın zəngin elmi irsi şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı üçün dəyərli və etibarlı mənbədir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, BDU-nun Şərqşünaslıq fakültəsinin tədrisdə və ictimai fəaliyyətində fərqlənən 2 tələbəsinə “Aida İmanquliyeva adına təqaüd”ün verilməsi barədə qərar qəbul edilib.
Yubiley tədbiri Aida xanım İmanquliyevaya həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

Elm və təhsil 2019-10-10 15:04:00

Video